>>> "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" Ümummilli lider Heydər Ə.Əliyev >>>

Narın elmi adı "punika qranatum"dur. Bu ad iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punika" - tünd qırmızı və ya parlaq qırmızı, "qranatus" isə dənə deməkdir.
Ədəbiyyatdan məlum olduğu kimi, nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir.
Narın müalicəvi xassəsi eramızdan hələ çox qabaq assuriyalılara, misirliıərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.
Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Lakin buna baxmayaraq, nar elmi təbabətə, ancaq 1807-ci ildən etibarən daxil edilmişdir. Bunun təşəbbüskarları Hindistan təbibləri olmuşlar.
Hazırda Zaqafqaziya respublikalarında nar ağacı geniş becərilir. Azərbaycanın bir sıra rayonlarında Göyçay, Ucar, Ağsu, Ağdaş, İsmayıllı, Lənkəran, Masallı, Şamxor və s. çoxdan nar bağları salınıb. Bundan əlavə həmin rayonların meşələrində, dağ yamaclarında cır nara da rast gəlinir.
Respublikamızda becərilən nar öz keyfiyyəti ilə fərqlənir. Son 25-30 ildə Muğan zonasında da Şirvan şəhər, Sabirabadda, Saatlıda, Salyanda, Neftçalada, Cəlilabadda, Kürdəmirdə, Beyləqanda narın müxtəlif sortları müvəffəqiyyətlə becərilir və sahələri ildən-ilə genişləndirilir.
Azərbaycanda təbii sahələrdə miqdarı azalmaqda olan relikt növdür və Ağdaş, Dəvəçi, Ağsu, Astara, Lənkəran, Şəki rayonlarında, Türyançay qoruğunda və Naxçıvan MR yayılmışdır. Hüdürlüyü 1-10 m olan, parıltılı uzun lansetvari yarpaqlara malikdir. Çiçəkləri qırmızı rəngdə olur və iyul-avqust aylarında çiçəkləyir. Nar bitkisi qədim dövrlərdən bəri dərman bitkisi kimi istifadə edilir. Nar şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrısızlaşdırıcı xassəyə malikdir. Çiçəkləridən soyuqdəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir. Kök və budaqların qabığı lentşəkilli qurdlara qarşı iflicedici təsir göstərir. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
Mədəni üsülla becərilən narın meyvəsinin şirəsində 2-4 %, cır narda isə 6-9 % limon turşusu var. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi onlara cır narın şirəsindən içmək məsləhətdir.
Azərbaycan Dövlət Tibb İnstitunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri hər eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir.
Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində gündə 4-5 dəfə, hər dəfədə 60 damcı, yeməkdən 5-10 dəqiqə qabaq xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli" adı ilə, eləcə də nar ağacının gövdə və qol-budaqlarının toz formasında və sulu bişirmə şəklində qurd ələyhinə dərman kimi istifadə edilir.
Şəki rayonunda nardan iştah artırmaq üçün "nardaşa" adlanan şərbət mürəbbə hazırlanır. Bunun üçün vələs və ya Göyçay və Ucar rayonlarında "kəmşirin" sortlu gülövşə nar meyvəsinin dənələrini ayırıb onun şəkər şərbətində qaynadırlar. "Nardaşa"dan plov, kabab və lüləkabab yeməklərində iştahartırıcı və tamverici kimi istifadə edirlər.
Azərbaycanda qədim zamanlardan mədəni nar növündən "narrub" şirəsi, cır nardan isə "narşərab" hazırlanır. "Narşərab" həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. "Narrub" isə zəifləmiş orqanizmi möhkəmləndirir, xəstənin ürəyini sərinləşdirir və susuzluğun qarşısını alır.
Xalq təbabətində şəkər xəstəliyi zamanı nardan təzə alınmış şirəni ürək yanğısını söndürən və susuzluğun qarşısını alan dərman kimi içirlər.
Nar şirəsindən hipertoniya xəstəliyinin müalicəsində, eləcə də ürək ağrılarında istifadə olunur. Belə hallarda nar şirəsinin şəkərdə hazırlanan şərbəti də xeyirlidir. Həmin şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsi böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir. Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur. Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyinə qarşı sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər. Baytarlıqda isə narın qabıqlarından yarasağaldıcı dərman kimi istifadə olunur. Bu məqsədlə qurudulmuş qabıqları xırdalayır, kül ilə qarışdırır, sonra atın belində yəhərin əmələ gətirdiyi yaraların üstünə səpirlər.
Göründüyü kimi nar çox faydalı bitkidir. Respublikamızda nar sahələrini daha da genişləndirmək məqsədəuyğundur.
Nar şəkər xəstəliyi üçün dərmandır. Narın şəfalı xüsusiyyətlərindən yaxşı yararlanmaq üçün ya meyvəni təzə ikən yemək, ya da təzə sıxılmış suyunu içmək lazımdır. Ürəyi qüvvətləndirən nar suyu qaraciyəri qüvvətləndirir, mədə iltihabını və ağrısını kəsir. Narda 15% karbohidrat, 0,8% protein, B1 və B2 vitaminləri ilə bərabər kalsium, fosfor və dəmir var. Nar həmçinin dəniz tutmalarına qarşı da yaxşı təsir göstərir. Narı içindəki pərdə ilə birlikdə yedikdə mədə yarasını müalicə edir. Nar suyu böyrək və qaraciyər xəstəliklərində çox faydalıdır. Nar suyu yüksək təzyiqin müalicəsində, ürək ağrılarında, babasil xəstəliyində faydalıdır. Nar suyu hərarəti götürür. Nar şirəsinin şərbəti sidikqovucu xassəyə malikdir. Şirəsini bədəndə revmatizm ağrıları olan nahiyələrə vurduqda ağrıları kəsir. Ürəkgetmə zamanı xəstəyə nar şərbəti içirilməlidir. Meyvəsi və qabıqları da yararlıdır. Çiçəyi bağırsaqdakı yara və iltihabı yaxşılaşdırır. Boyun tutulmasında nar çiçəyinin xəşili şəfavericidir. Qabığı çay kimi dəmlənib içildikdə mədə və bağırsaq xəstəliklərinə, ishal və dizenteriyaya qarşı olduqca faydalıdır.
Xayfa Texnionun tədqiqatçılari aşkar ediblər ki,nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər üçün əsl dərman ola bilər. Atherosclerosis jurnalinda dərc edilmiş tədqiqatın nəticələrinə görə 3 ay müddətində hər gün 180ml nar şirəsi içmiş pasientlərdə damarlarda aterosklerozun inkişaf riski əhəmiyyətli dərəcədə enmişdir. Ateroskleroz-diabetiklərin ölümünün əsas səbəbidir: mədəaltı vəzin çatmamazlığından əziyyet çəkənlərin 80%-i ondan tələfr olur. Ən təəcüblüsü odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır—Texnionun tibb fakultəsinin professoru, tədqiqat qrupunun rəhbəri Mixael Aviram bunu xüsusi qeyd edir. Alimlər bunu başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkərin unikal antioksidantla bağlı olması ilə izah edirlər ki,bu da onu ateroskleroza qarşı preparata çevirir. Lakin qeyd etmək lazımdir,bu tədqiqatda yalnız 20 pasient iştirak etdiyinə görə nəticələrin yoxlanmağa və təsdiqə ehtiyaci vardır.
Amerika alimlərinin axırıncı tədqiqatları göstərdi ki, nar şirəsi kişi potensiyasına viaqradan pis təsir göstərmir.
Hesab edirlər ki, nar şirəsi qan dövranını gücləndirən natioksidantlarla zəngindir. O eyni ilə impotensiyanın müalicəsində istifaə olunan dərmanlar kimi azot oksidinin səviyyəsini yüksəldir, bu da qan damarlarının genişlənməsini sürətləndirir.
Zəif cinsi disfunksiyadan əziyyət çəkən 53 nəfər 21 yaşdan 70 yaşa qədər könüllü 1 ay müddətində şam yeməyindən sonra 1 stəkan nar şirəsi içmişdir. Demək olar ki, onların yarısı məhəbbət sahəsindəki uğurları haqda alimlərə məlumat veriblər.
Ürək xəstəlikləri və prostat vəzin xərçəngi riskini azaltmaq qabiliyyətinə görə nar meyvəsi artıq “super meyvə” hesab olunub. Alimlərin fikrinə görə digər meyvələr, çay və qırmızı şəraba nisbətən onun tərkibində daha çox antioksidant vardır.

Göyçay rayonu haqqında ətraflı
Göyçay rayonu haqqında İnternet mənbələri

Abidələrimiz
Görkəmli şəxsiyyətlər
Çinarlı şəhərin generalları
Ölümsüz qəhrəmanlarımız
Göyçay xəritələrdə
Göyçay statistik rəqəmlərdə
Göyçayın narı gözəl
Ənənəvi nar bayramı

Göyçay rayon Məhkəməsi
Göyçay Konyak Zavodu
Göyçay Telekommunikasiya  Qovşağı
Göyçay Regional Məsləhət Mərkəzi
Göyçay rayonunun sosial-iqtisadi inkişaf Proqramı (2004-2008-ci illər)
Göyçay ensiklopedik mənbələrdə

2010 - Göyçay rayon MKS