Hər il Göyçay rayonunda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi nar bayramı keçirilir. Artıq bir neçə ildir ki, geniş ictimaiyyətin iştirakı ilə keçirilən nar bayramında Milli Məclisin deputatları, ətraf rayonların rəhbərləri, yerli və xarici iş adamları, xarici ölkələrin Azərbaycandakı səfirləri Göyçay şəhərinin giriş qapısında musiqi sədaları altında qarşılanır, onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanır.
Sonra qonaqlar rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi ilə tanış olur.
İdmançıların, kəndirbazların, pəhləvanların, sehrbazların və rayon uşaq yaradıcılıq mərkəzi rəqs qrupunun çıxışları olur.
Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri ulu öndər H. Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edir, əklil və gül-çiçək dəstələri qoyur. Nar bayramı H. Əliyev parkda davam etdirilir. Parkda rəmzi olaraq nar ağacı əkilir, yeni ailə quran bəy və gəlinə qiymətli hədiyyələr verilir. Mərasimdə rayon icra hakimiyyətinin başçısı çıxış edir.
Göyçayda üçüncü ildir keçirilən Nar bayramı bu meyvənin şöhrətinin, onun insan orqanizmi üçün müstəsna faydasının daha bir təsdiqidir. Qonaqlara məlumat verildi ki, Göyçayın bir çox yaşayış məntəqələrində narçılıq əhalinin əsas gəlir sahəsidir. Rayonda təxminən 3000 hektar nar bağlarından hər il 24 min tona yaxın məhsul götürülür. Göyçayın müəssisələrində istehsal olunan nar şirələri MDB və Avropa ölkələrinə, ABŞ-a, Kanadaya, İsrailə ixrac edilir. Rayonda narın gülöyşə, balamürsəl, vələs, meyxoş və digər qiymətli sortları becərilir.
Narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur. Sonra bayram iştirakçıları H. Əliyev muzeyinin qarşısına gəldilər. Burada onlar isti təndir çörəyinə, nardan hazırlanmış qida məhsullarına qonaq edildi, şeir və mahnılar dinlədilər, folklor qrupunun çıxışını izlədilər, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
M.Ə.Sabir adına parkda isə narla bağlı müxtəlif yarışlar keçirilmişdir. Burada ən böyük narın sahibinə, giləsini yerə salmadan ən tez nar yeyənə, habelə ən sürətli nar şirəsi hazırlayana pul mükafatı verildi. Sonra H. Əliyev prospekti boyunca rayonun iri istehsal müəssisələrinin – “Göyçay-konserv” ASC, “Göyçay-süd”, “AzNar” ASC, “Göyçay-konyak” ASC-nin istehsal etdiyi müxtəlif şirələrə baxış keçirilmiş, onların keyfiyyət göstəriciləri nümayiş olundu. Bayram tədbiri şəhər bələdiyyəsinin qarşısındakı meydanda tanınmış incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdi.
 |
 |
Göyçay rayonunda keçirilən "Nar bayramı"ndan görüntülər |